Zebra tortu

  • Hazırlanma vaxtı:
Zebra tortu

Tərkibi və istifadə olunan ərzaqlar

Ərzaqlar:

  • 4 yumurta
  • 1 stəkan  şəkər tozu
  • 1 stəkan süd
  • 1 stəkan bitki yağı
  • 2 stəkan un
  • 1/3 çay qaşığı vanil tozu
  • 1 çay qaşığı soda
  • 2 xörək qaşığı tünd kakao 

Hazırlanma qaydası

1. Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana qədər çalın. Süd və yağ əlavə edin və yaxsı qarışana qədər çalmağa davam edin.

2. Unu  tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə ərzaqlar yaxşı qarışanadək (təxminən 10 saniyə müddətində) çalın.Üzərinə soda və vanil əlavə edib yenidən qarışdırılır(təxminən 10 saniyə müddətində). Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. 

3. Alınan qarışığı iki eyni hissəyə bölün.  Bir hissənin üzərinə kakao əlavə edib qaşıqla yaxşıca qarışdırın.

4. Sobanı 180˚C-dək qızdırın.

6. Diametri 23 santimetr olan dibi yapışmaz  yumru tort formasının dibini azacıq yağlayın (əgər yapışmaz formanız yoxdursa, adi yumru formanın dibini yağlayıb, perqament kağızı sərin). Ağ qarışıqdan 3 xörək qaşığı götürün və formanın ortasına tökun. Üzərinə (ortasına) 3 qaşıq kakaolu qarışıqdan tökün.  Qarışıqlar qurtarana kimi eyni şəkildə dəyanmadan davam edin. Qarışıqları yaymayın¸ formanı tərpətməyin – xəmir öz-özünə yavaş-yavaş yayılacaq.

7. Tortu sobada 40 dəqiqə müddətində bişirin. Sobanı ilk 20 dəqiqə ərzində heç AÇMAQ OLMAZ, yoxsa tort qalxmaz. Tortun hazır olub-olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın. Çıxan kibritə xəmir yapışmayıbsa, tortunuz hazırdır. Tortu formasından çıxardın və soyumağa qoyun. Soyuduqdan sonra üzərinə zövqə görə şəkər kirşanı və ya şokoladlı qlazur da tökmək olar.

Nuş olsun !